Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ölənə qədər... ipoteka - ev almağın ağır şərtləri

Tarix 23.04.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


İpoteka kreditləri nə zaman ucuzlaşacaq?

Rusiyalı milyarder İqor Rıbakov ölkəsindəki ipoteka siyasətini tənqid edib, bundan yalnız bankların və mənzil tikən oliqarxların qazandığını deyib. O. rusiyalılara məsləhət görüb ki, ölənədək borc ödəməkdənsə, özləri çətinliklə də olsa pul toplayıb mənzil alsınlar.

Azərbaycanlı milyarderlərdən kiminsə belə cəsarətli çıxış etməsi gözlənilən deyil, amma ölkəmizdəki ipoteka şərtləri heç də Rusiyadakından əlverişli deyil. Hətta bir çox parametrlərinə görə Azərbaycandakı ipoteka şərtləri Şimal qonşumuzdakından daha ağırdır. Ölkədə tikinti bumu 5-6 il əvvəldən arxada qalıb, lakin satılmayan mənzillər kifayət qədərdir. Xüsusilə Bakı şəhərində mənzilə olan tələbat ildən-ilə artsa da, çoxmərtəbəli yeni tikililərdəki mənzillərin xeyli hissəsi boşdur. Bunun da əsas səbəbi insanların birbaşa nağd formada mənzil almaq imkanlarının aşağı, ipoteka faizlərinin yuxarı, şərtlərinin isə ağır olmasıdır. Tikinti oliqarxları isə qiyməti və şərtləri yüngülləşdirməkdənsə, mənzilləri boş saxlamağa üstünlük verirlər.

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin 3 əsas forması var: bankların daxili vəsaiti hesabına, tikinti şirkətlərinin birbaşa alıcıya təqdim etdiyi və dövlətə məxsus İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilənlər. Kommersiya banklarında ipoteka kreditləri ən aşağı faiz dərəcəli kredit məhsulu hesab edilir. Lakin dünya göstəriciləri ilə müqayisədə bu faizlər orta göstəricidən xeyli yüksəkdir. Belə ki, bankların təqdim etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələri 10-12-dən başlayır. Bu kreditlərin maksimum müddəti 10 il təşkil edir, ondan yuxarı müddətə çox nadir hallarda rast gəlmək mümkündür. Banklar adətən ipoteka kreditlərini verərkən əsas faktor kimi ilkin ödəniş məbləğinə daha çox önəm verir. İlkin ödəniş nə qədər çox olarsa, bankdan kredit almaq imkanı da bir o qədər çoxdur. Bununla belə, kredit verilərkən borcalanın gəliri və kredit tarixçəsi üzrə ödəniş qabiliyyəti analiz edilir.

Özəl tikinti şirkətlərinin təqdim etdiyi ipoteka kreditlərinin faiz dərəcəsi aşağı (bəzi hallarda faizsiz), ilkin ödəniş (10-15 faiz) üçün tələbləri isə minimal olur. Belə kreditlərin verilməsi zamanı sənədləşmə prosedurları da minimaldır. İlkin ödəniş ödənildikdən sonra kredit qısa müddətdə verilir. Lakin bu kreditlərlə satılan mənzillərə çox yüksək qiymət qoyulur. Məsələn, 46-48 kvadratmetrik birotaqlı mənzil 15 illik kreditlə 70 min manata yaxın başa gəlir. Halbuki bir çox ərazilərdə bu qiymətə nağd alışla iki belə mənzil əldə etmək mümkün olur.  Azərbaycanda hazırda ən sərfəli ipoteka kreditlərini İpoteka və Kredit Zəmanət Fondu təklif edir. Fondun təklif etdiyi məhsullar üzrə kredit faizi 4-8, ilkin ödəniş 10-15 faiz, maksimum müddət 30 ildir. Lakin bu kreditlər məhdud çevrədə vətəndaşlara və standart şərtlər əsasında verilir.

İpoteka və Kredit Zəmanət Fondu indiyədək nə qədər ipoteka krediti verib? -  Açıqlama

Mütəxəssislərin fikrincə,  İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kreditlər hazırda bazarda mövcud olan ən sərfəli olmasına baxmayaraq, sənədləşməyə dair tələblər olduqca sərtdir. Üstəlik, fondun kreditləri məhduddur və hər il müvəkkil banklara limit əsasında ayrılır. Bu isə banklarda növbələrin yaranması ilə nəticələnir.

Təsadüfi deyil ki, 15 ildir fəaliyyət göstərən İpoteka və Zəmanət Fondu tərəfindən indiyədək cəmi 33 154 nəfərə 1 milyard 759 milyon manatlıq ipoteka krediti verilib. 2021-ci ildə güzəştli ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən 81 milyon manat ayrılması nəzərdə tutulur.

Ötən il pandemiyanın biznesə və ev təsərrüfatlarına təsirlərini azaltmaq üçün təsdiqlənən tədbirlər planında əhalinin ödəniş qabiliyyətinin azalması nəzərə alınaraq ipoteka kreditlərinin restrukturizasiyasına şərait yaradılması nəzərdə tutulurdu. Mərkəzi Bankın verdiyi açıqlamada təxminən 23 min nəfərin 1,1 milyard manatlıq ipoteka kreditinin restrukturizasiya olunacağı qeyd edilmişdi. Lakin qurumun ilin yekunu ilə bağlı məlumatına əsasən pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində Azərbaycandakı banklar tərəfindən 1,2 milyard manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub və bu proses hazırda da davam edir. Restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 faizi biznes, 9 faizi istehlak, cəmi 4 faizi  - 48 milyon manatı ipoteka kreditlərinin payına düşüb.

Kreditlərin borcalanların müraciəti əsasında restrukturizasiya olunması nəzərdə tutulurdu. Belə görünür ki, restrukturizasiya şərtləri əlverişli olmadığına görə müraciət edənlərin sayı da aşağı olub.

Amma 2020-ci ildə dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda ipoteka kreditləşməsinin həcmi artıb. Belə ki, Mərkəzi Bankın məlumatına görə, ötən ilin sonuna bankların kredit portfeli bağlanmış banklar nəzərə alınmadan 14,2 milyard manat olub. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə bankların ipoteka portfeli 13 faiz artıb, biznes kreditlərinin həcmi sabit qalıb, istehlak kreditləri üzrə isə 6,3 faiz azalma olub.

İpoteka kreditləşməsi artsa da, ümumilikdə bu məhsulun kredit portfelində payı cüzi olaraq qalmaqdadır. 2020-ci ilin yekunu üzrə bankların ümumi kredit portfelinin 60 faizini (8,5 milyard manat) biznes, 26 faizini (3,7 milyard manat) istehlak kreditləri, 14 faizini (2 milyard manat) ipoteka kreditləri təşkil edib.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, əslində bütün dünyada hər bir ailə üçün əsas həlli vacib olan məsələ ev problemidir: “Bu problemin həlli dünyanın heç yerində asan iş hesab olunmur: hər adamın gəliri buna imkan vermir. Problemin müxtəlif obyektiv və subyektibv səbəbləri var. Azərbaycanda subyektiv səbəblər daha çoxdur. Götürək elə dövlətin güzəştli kreditlərini. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən bu kredit məhdud çevrə üçündür, amma subyektiv səbəblər bu çevrəni daha da daraldır: qeyri-şəffaflıq, müvəkkil bankların qərar qəbul etməsində ədalətsizlik və sair. Nəticədə elə olur ki, 1-2 evi olan bir ailə dövlətin ehtiyaclı şəxslər üçün ayırdığı vəsaitlə ev alır, amma ümumiyyətlə, mənzili olmayanlar qalır kənarda. Yaxud ipoteka adı ilə rəsmiləşdirib ucuz vəsaitləri götürüb başqa məqsədlərə xərcləyirlər. Qeyd edim ki, bu kimi hallar digər istiqamətlər üzrə dövlətin ayırdığı kredit vəsaitləri ilə bağlı da var və kifayət qədərdir”.

Bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinin faizinin yüksək olması, ekspertə görə, ümumilikdə ölkədə bank faizlərinin yüksəkliyindən qaynaqlanır: “Bank faizləri Azərbaycanda böyük problemlərdən biridir. Bunun da bir çox səbəbləri var. Birinci səbəb əmanət faizlərinin yüksək olmasıdır. Bir halda ki, dövlət 12 faizli əmanətləri qoruyur, onda əmanət faizləri niyə aşağı düşsün ki? Bank da əmanəti 12 faizlə götürürsə, məcburdur ki, öz risklərini də əlavə etməklə krediti 18-20 faizdən yuxarı versin. Digər tərəfdən, bu gün Azərbaycanda bankların mərkəzləşmiş kreditlərə çıxış şərtlərində ciddi bərabərsizlik var. Heç də bütün banklar ehtiyacları olan qədər dövlət mərkəzləşmiş kreditlərini əldə edə bilmirlər. Bu məsələdə ciddi ədalətsizlik, qeyri-sağlam rəqabət mühiti var. Dövlətdən ucuz vəsait ala bilməyən bank kreditləri əsasən əmanət vəsaitləri hesabına verməli olur. Nəhayət, bank faizlərini yüksəldən daha bir amil məhkəmə-hüquq sistemindəki problemlərdir. Banklar problemə çevrilmiş kreditləri geri qaytarmaq üçün hüquqi mexanizmlərdən yetərincə yararlana bilmirlər. Buna görə də öz mümkün itkilərini də kredit faizlərinə əlavə etməli olurlar”.

Ə.Həsənov xatırladır ki, 10 ildən çoxdur Azərbaycanda əmanət-tikinti banklarının yaradılması məsələsi müzakirə olunur: “Dünyanın bir çox ölkələrində belə banklardan mənzil təminatında uğurlu vasitə kimi istifadə edirlər. Azərbaycanda da bu məsələ 2000-ci illərin əvvəlindən müzakirə olunur, 2010-cu ildə hətta bununla bağlı ayrıca qanun layihəsinin hazırlandığı elan olundu, lakin hələ də reallaşması mümkün olmayıb. Son vaxtlar yenidən bununla bağlı məsələ qaldırılıb, yeni qanun hazırlandığı deyilir. Tikinti-əmanət bankları təcrübəsi Almaniyadan gəlir, çox səmərəli və əhalinin daha çox hissəsinin əli çatacaq mexanizmdir. İndiyədək onun Azərbaycanda tətbiq olunmaması təəssüf doğurur. Lakin düşünürəm ki, belə bankların yaradılması artıq zərurətə çevrilib. Çünki mövcud şərtlər, faizlər əhalinin çox az bir hissəsinin mənzil sahibi olmasına imkan verib. Buna görə də mənzil bazarında alıcılıq qabiliyyəti aşağıdır. Pandemiya bunu daha da azaldıb. Bu səbəbdən də düşünürəm ki, mənzil bazarındakı bahalıq uzun sürməyəcək, qiymətlər eniş mərhələsinə qədəm qoyacaq. Çünki bu qiymətlər sünidir, Azərbaycanda mənzillər bu qədər baha olmalı deyil. Bazar dolub və belə vəziyyət uzun müddət davam etməyəcək. Qiymətlərin enməsi isə daha çox sayda vətəndaşın mənzil əldə etməsinə şərait yaradacaq”.

Ekspert bildirir ki, son illərdə Bakı şəhərində tikinti sahəsində sərt tənzimləməyə keçilməsi daha az sayda binaların tikilməsinə səbəb olur: “Lakin az tikilsə də, artıq standartlara uyğun tikilir. Əmanət-tikinti banklarının yaradılmasına icazə verilərsə, yaxınmüddətli dövrdə ipoteka şərtlərində ciddi yumşalma müşahidə edə bilərik”.






Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap